Azərbaycan Respublikasının Konstitusiyası(çıxarış)
Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
1. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
Bütün uşaqların normal böyüməsi, inkişafı və sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin olması zəruridir.
Dünya üzrə beş yaşadək uşaqlar arasında hər il baş verən 9 milyon ölüm halının 1/3-i ətraf mühitə aid səbəblərlə əlaqəlidir. Ətraf mühit amilləri ilə bağlı risk faktorları əksər hallarda qarşılıqlı təsir göstərir, onların nəticələri isə əlverişsiz sosial-iqtisadi vəziyyət, xüsusilə münaqişələr, yoxsulluq və qida çatışmazlığı şəraitində daha da ağırlaşır.
Ətraf mühit faktorları hər il dünyada diareyadan ölən 1,5 milyon uşağın 88%-nin ölümünə səbəb olur.
Diareya mahiyyətcə beş yaşadək uşaqlar arasında ölümün ikinci əsas səbəbidir. Demək olar ki, dünyada hər belə beş ölüm halından biri diareya nəticəsində baş verir. Bu halların təxminən 88%-i suyun lazımi sanitariya standartlarına uyğun olmaması və gigiyena normalarına riayət edilməməsindən irəli gəlir. İçməli suyun təmizlənməsi və təhlükəsiz saxlanması, eləcə də əllərin yuyulması diareyanın qarşısının alınmasına imkan verir. Erkən yaşlı uşaqlarda isə bu problemin qarşısının alınmasına yalnız ana südü ilə qidalanma kömək edir.
Civə inkişaf edən dölün sinir sisteminə toksik təsir göstərir.
Dölün, yenidoğulmuşun və ya uşağın inkişafda olan sinir sistemi daha həssas olduğu üçün onlar civənin təsirinə xüsusilə məruz qalırlar. Reproduktiv yaşda olan qadınların və uşaqların qida rasionuna tərkibində civə ola bilən iri yırtıcı yağsız balıqların daxil edilməsi məsləhət görülmür. Uşaqlar bəzi təmizləyici diş tozlarının və bitki xammalından hazırlanan dərman preparatlarının istifadəsi zamanı da onların tərkibində olan civənin təsirinə məruz qala bilərlər.
Uşaqlar arasında bronxial astma xəstəliyi geniş yayılır.
Bronxial astma uşaqlar arasında ən geniş yayılmış xronik xəstəlikdir və buna bütün ölkələrdə rast gəlinir. Bu xəstəliyin inkişafına ətraf mühitin aşağıdakı amilləri təkan verir: ev tozu gənələri, ikincili tütün tüstüsü ilə nəfəsalma, kif və gül tozcuqları. Astmaya lazımi diaqnostika və müalicə vasitələri ilə, eləcə də xəstəliyə səbəb olan ətraf mühitin təkanverici amillərinin təsirini azaltmaqla nəzarət etmək mümkündür.
Dünyanın bir sıra inkişaf edən regionlarında uşaqların 1/3-dən çoxu qurğuşunun yüksək səviyyələrinin təsirinə məruz qalır.
Qurğuşunla zəhərlənmə uşaqlarda beyinin inkişafına təsir göstərə bilər. Belə zəhərlənmə uşaqların davranışında və təhsilində problemlərin yaranması, gələcəkdə isə onlarda ürək-damar xəstəliklərinin inkişaf riskini artıra bilər. Artıq bir çox ölkələr benzinin tərkibində qurğuşundan istifadə etmirlər, lakin uşaqlar hələ də metallurgiya kombinatlarında, qurğuşun tərkibli boyalarda, tullantıların emalında, kosmetikada, bitki xammalından hazırlanmış dərmanlarda və digər mənbələrdə mövcud olan qurğuşunun təsirinə məruz qalırlar.
Qapalı yerlərdə havanın çirklənməsi hər il dünyada kəskin respirator infeksiyalar nəticəsində baş verən 2 milyon uşaq ölümünün yarısına səbəb olur.
Kəskin respirator infeksiyalar, xüsusilə də pnevmoniya, erkən yaşlı uşaqlar arasında ölüm hallarının əsas səbəbidir. Bu ölüm hallarının təxminən yarısı qapalı yerlərdə bərk yanacağın yanması nəticəsində əmələ gələn tüstüdən baş verir. Ətrafa yayılan (ikincili) tütün tüstüsü ilə nəfəsalma daha bir əhəmiyyətli risk amilidir. İnkişaf etmiş ölkələrdə uşaqlar pis yaşayış şəraiti ilə bağlı xüsusi riskə məruz qalırlar.
İqlim dəyişkənliyi, xüsusilə də inkişaf edən ölkələrin uşaqlarında, xəstəliklərin inkişaf riskini artırır.
İqlim dəyişkənliyi ilə bağlı xəstəliklərin 85%-dən çoxu inkişaf etmiş ölkələrin uşaqlarının payına düşür. Uşaqlar daşqınlar və ekstremal temperatur nəticəsində zədə və ölüm, havanın çirklənməsi ilə həddindən artıq yayılmış astma və respirator xəstəliklər, eləcə də iqlim dəyişkənliyi ilə bağlı diareya, malyariya və qida çatışmazlığı təhlükəsi altında qalırlar.
Uşaqlarda xərçəng xəstəliyinin yaranmasına ətraf mühit amilləri təsir edir.
Uşaqlarda xərçəng xəstəliyinin yaranma səbəbləri dəqiq bilinməsə də, bunlara ətraf mühit amillərindən şüalanma, tütün, ikincili tütün tüstüsü ilə nəfəsalma, aflatoksinlər, ultrabənövşəyi şüalar və bəzi pestisidlərin aid olması artıq məlumdur.
Artıq çəki və piylənmə – “patoloji və ya artıq piylərin yığılması və bununla sağlamlığa zərər verilməsi” deməkdir.
Bədən kütləsi indeksi (BKİ) aşağıdakı düsturla hesablanır:
m – bədən çəkisi (kq), h – boy ölçüsü (m). BKİ = m/h².
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) BKİ-nin 25-ə bərabər və ya yuxarı olmasını artıq çəki, BKİ-nin 30-a bərabər və ya yuxarı olmasını isə piylənmə kimi təyin edir.
Dünyada 1.4 milyarddan çox insan artıq çəkilidir və yarım milyarddan çox insan piylənmədən əziyyət çəkir.
Hər il artıq çəki və ya piylənmə nəticəsində ən azı 2.8 milyon insan məhv olur. Piylənmə hallarının sayı son 30 il ərzində təxminən iki dəfə artmışdır. Yüksək gəlir səviyyəsi olan ölkələrdə rast gəlinən piylənmə halları hazırda orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə də yayılmışdır.
Dünyada 5 yaşa qədər olan 4 milyondan çox uşaq artıq çəkiyə malikdir.
Uşaqlarda piylənmə XXI əsrin ictimai səhiyyəsinin ən ciddi problemlərindən biridir. Güman olunur ki, artıq çəkili uşaqlar yetkinlik yaşına çatanda piylənmədən əziyyət çəkəcəklər. Belə uşaqlarda artıq çəkiyə malik olmayan uşaqlara nisbətən daha cavan yaşlarda diabet və ürək-damar xəstəliklərinin yaranma ehtimalı çoxdur. Bu da öz növbəsində vaxtından əvvəl ölüm və əlillik ehtimalını artırır.
Artıq çəki və piylənmə, çəki azlığı ilə müqayisədə, dünya üzrə daha çox ölüm hallarına gətirib çıxarır.
Dünya əhalisinin 65%-i çəki azlığına nisbətən artıq çəki və piylənmədən ölüm hallarının daha çox yayıldığı ölkələrdə yaşayır. Bura yüksək və orta gəlir səviyyəsi olan ölkələr daxildir.
Dünya üzrə şəkərli diabetlə xəstələnmənin 44%-i, ürəyin işemik xəstəliyinin 23%-i və bəzi xərçəng xəstəliklərinin 7-41%-i artıq çəki və piylənmə ilə əlaqədardır.
Piylənmə, adətən, qəbul edilən kalori ilə sərf edilən kalori arasında yaranmış qeyri-düzgün nisbətin nəticəsidir.
Fiziki aktivlik olmadan yüksək kalorili məhsulların artıq miqdarda qəbulu çəkinin qeyri-sağlam artmasına gətirib çıxarır. Fiziki fəaliyyətin aşağı səviyyədə olması da həmçinin düzgün olmayan enerji balansına və çəkinin artmasına gətirib çıxarır.
Əlverişli ətraf mühit və yerli icmalar insanların sağlam həyat tərzi seçiminin və piylənmənin qarşısının alınmasının əsasını təşkil edir.
Şəxsi məsuliyyət insanların sağlam həyat tərzi sürməyə imkanları olduğu halda reallaşa bilər. ÜST maraqlı tərəfləri sağlam ətraf mühitin və bahalı olmayan sağlam qida seçimlərinin formalaşmasında əhəmiyyətli rol oynamağa səfərbər etməyə çağırır.
Uşaqların qida, fiziki fəaliyyət seçimi və vərdişlərinə onların əhatəsi təsir edir.
Sosial və iqtisadi inkişaf, həmçinin kənd təsərrüfatı, nəqliyyat, şəhər planlaşdırılması, ətraf mühit, təhsil, habelə ərzaq məhsullarının emalı, bölüşdürülməsi və qida marketinqi sahəsində siyasət uşaqların hansı qida və fiziki aktivliyin modellərinə vərdiş və üstünlük verməsinə təsir göstərir. Bütün dünyada bu cür təsir, adətən, çəkinin qeyri-sağlam artımına səbəb olur və nəticədə uşaqlarda piylənmə hallarının davamlı şəkildə yayılması müşahidə olunur.
Sağlam qidalanma sayəsində piylənmənin qarşısını almaq mümkündür.
İnsanlar:
sağlam çəkini saxlamalıdırlar
yağların ümumi qəbulunu məhdudlaşdırmalı və doymuş yağların (heyvan mənşəli yağlar) əvəzinə doymamış yağlara (bitki mənşəli yağlar) üstünlük verməlidirlər
meyvə, tərəvəz, paxlalılar, tam dənli bitkilər və qoz-fındıqdan istifadəni artırmalıdırlar
şəkər və duzdan istifadəni məhdudlaşdırmalıdırlar
Müntəzəm fiziki fəaliyyət sayəsində sağlam orqanizmə sahib olmaq mümkündür.
İnsanlar həyat boyunca müvafiq səviyyəli fiziki aktivliklə məşğul olmalıdırlar. Ən azı gündəlik müntəzəm şəkildə 30 dəqiqə fiziki aktivlik ürək-damar xəstəliyi, şəkərli diabet, yoğun bağırsaq və döş xərçəngi kimi xəstəliklərin yaranma riskini azaldır. Əzələlərin bərkidilməsi və tarazlığı saxlamaq üçün edilən məşqlər yıxılma saylarını azaldır və yaşlı nəsildə hərəkətliliyi yaxşılaşdırır. Düzgün çəkini qoruyub saxlamaq üçün daha yüksək səviyyədə fiziki aktivlik tələb olunur.
Qlobal piylənmə epidemiyasının qarşısını almaq üçün konkret əhaliyə yönəldilmiş və onların mədəniyyət xüsusiyyətlərini nəzərə alan çoxsahəli və inzibati yanaşma tələb olunur.
Qeyri-infeksion xəstəliklərin profilaktikası və onlarla mübarizə üzrə Qlobal strategiyanın həyata keçirilməsi üçün ÜST-nin fəaliyyət planı epidemioloji nəzarət sahəsində təşəbbüslərin yaranma və gücləndirilməsi, piylənmə də daxil olmaqla, qeyri-infeksion xəstəliklərin profilaktikası və aparılması üçün proqram təklif edir.