14 NOYABR ÜMUMDÜNYA DİABET GÜNÜ

14 noyabr – Ümumdünya Diabet Gününün təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır. O, 1921-ci ilin oktyabrında öz tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi üçün insulin preparatını kəşf etmişdir. 14 noyabr bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qərarına əsasən 14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur. Bu tarixi günün beynəlxalq səviyyədə qeyd olunması diabet xəstəliyinin problem və qayğılarını üzə çıxarır. Hazırda dünyada 194 milyon nəfər şəkərli diabetli xəstə var. Hər on ildə bu say 2 dəfə artır. 2005-ci ilədək Azərbaycanda 60000 nəfərə yaxın şəkərli diabetli xəstə rəsmi olaraq qeydə alınıb. Bir o qədər də insanın qeydiyyatda olmaması güman edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur. Bu problemlərin hər birinin vaxtında həlli minlərlə insanın yararlı insan kimi həyata, cəmiyyətə qaytarılması, neçə-neçə sınıq qəlbin sevinməsi deməkdir. Şəkərli diabetlə xəstə insanlara hamı və hər kəs həm mənəvi, həm də maddi dəstək olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalıdır. Ölkəmizdə bu xəstəliyə qarşı mübarizə üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilir. 2005-ci il iyun ayının 7-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəkərli diabet üzrə Dövlət Proqramı”nı təsdiq etməsi də buna misaldır. Azərbaycan Diabet Liqası isə diabetlə xəstə olan uşaqlar və gənclər üçün “Yantus” yay düşərgəsi yaratmışdır. Şəkərli diabet xəstəliyinin müalicəsində analoqu olmayan yüksək keyfiyyətli, Həyat üçün son dərəcə vacib olan “Yantus” preparatının adı ilə adlanan bu düşərgədə insulinlə müalicə geniş tətbiq olunacaqdır. “Yantus” insulininin əvvəlki insulindən fərqi onun sutkada bir dəfə vurulması, yüksək keyfiyyətdə olması və qanda şəkərin miqdarını normada saxlamasıdır. Belə yay düşərgələri şəkərli diabetlə xəstə olan gənc insanların həyat fəaliyyətini yüksəltmək, cəmiyyətə inteqrasiyasına kömək etmək və gələcəkdə diabetin xroniki fəsadlarının nəticəsi kimi əmək qabiliyyətini itirməsinin, əlil insana çevrilməsinin qarşısını almaq məqsədilə təşkil olunur. Burada şəkərli diabetlə xəstə olan gənc insan öz xəstəliyi haqqında yeni məlumatlar alır, özünənəzarət qaydalarını öyrənir, təlim dərsləri keçir. Təlim almış gənc öz biliklərini praktik olaraq tətbiq edir, valideyn himayəsindən kənar, sərbəst həyat vərdişləri qazanır. Diabetli uşaqların ailələrinin qısa bir müddət ərzində olsa da, diabetli xəstələrin əziyyətindən, stressindən azad olmasına imkan yaranır.