Gün və isti vurma halları – insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Daha çox uşaqlarda, yeniyetmələrdə və qocalarda baş verir.
Gün vurma başa birbaşa günəş şüalarının düşməsi nəticəsində yaranır.
Gün vurmanın əsas əlamətləri
✓ üzün qızarması
✓ güclü baş ağrısı
✓ başgicəllənmə
✓ gözlərin qaralması
✓ ürək bulanma
✓ qusma
✓ təngnəfəslik
✓ nəbzin sürətlənməsi
İsti vurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti paltarda fasiləsiz işləmək, bədənin susuzlaşması, isti havada uzun müddətli yürüş və yaxud bir neçə saat havasız, pis ventilyasiya olan yerdə keçirmək kifayət edir.
İsti vurmanın əsas əlamətləri
✓ ümumi zəiflik
✓ daim mürgüləmə
✓ baş ağrısı
✓ başgicəllənmədir.
✓ üzün qızarması
✓ bəzən bədən hərarətinin 40”C kimi artması
✓ dispepsiya
✓ ishal
✓ qusma
Əgər bu vaxta qədər bədən hərarətinin həddindən artıq qızmasının səbəbləri aradan qaldırılmayıbsa, xəsarət alanda hallyusinasiya, sayıqlama, sonra isə xəsarət alanın özündən getməsi, sifət rənginin solması, dərinin soyuq olması, tər ifrazının yüksək olması, ürək döyüntüsünün pozulması, nəbzin tez və zəif olması halları baş verir. Belə vəziyyətdə xəsarət alana təcili tibbi yardım edilməzsə o, həlak ola bilər.
İlk yardım hər iki vəziyyətdə eynidir. Xəsarət alanı dərhal təmiz havaya, kölgəyə, sərin və normal ventilyasiya olan yerə çıxartmaq, paltarının yaxasını açmaq və başı azca qaldırılmış vəziyyətdə kürəyi üstə uzatmaq lazımdır.
Başının üstünə soyuq kompress (yaş sarğı) qoymaq, bədənini yaş parçaya bükmək və yaxud soyuq su vurmaq (çiləmək), çoxlu sərin su vermək lazımdır.
Günvurma və istivurma zamanı əmələ gələn beyin ödemi ciddi dəyişikliklərə səbəb ola bilər.Xəstə mütləq müayinə olunmalıdır.Bu həm də diaqnozun qoyulması baxımından önəmlidir.